sa sa 1044
Elmi şuranın növbəti iclası keçirilib + Foto Okt 05, 2021 | 16:07 / Konfranslar, iclaslar

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik İradə Hüseynova 5 oktyabr - müəllimlər günü münasibətilə şura üzvlərini təbrik edərək bu şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışıb. Bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan böyük alim və müəllim, akademik Cəlal Əliyevin adını ehtiramla yad edən akademik İradə Hüseynova Elmi şura üzvləri adından onun ilk tələbələrindən olan AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizovu və İnstitutun müəllimlər ordusunu təmsil edən Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Samirə Rüstəmovanı müəllimlər günü münasibətilə təbrik edib.

Sonra iclasın sədri – akademik İ. Hüseynova Elmi şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 2021-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturasına və dissertanturasına qəbul olunmuş doktorant və dissertantların, eyni zamanda institutun magistraturasına qəbul olunmuş magistrantların dissertasiya mövzularının müəyyən edilməsi və elmi rəhbərlərin təyin olunması, “Molekulyar biologiya” ixtisası üzrə institutun sabiq doktorantı, Molekulyar biotexnologiya laboratoriyasının böyük elmi işçisi Aytən Ağayevanın “Yüksək virulent və dərman preapatalarının təsirinə davamlı xəstəlik törədicilərinə  qarşı yeni antibiotikin işlənilib hazırlanması” mövzusunda dissertasiya işinin tamamlanması məqsədilə yaradıcılıq məzuniyyətinə göndərilməsi, İnstitutun Elmi Əsərləri məcmuəsinin növbəti nömrəsinə məqalələrin təqdim olunması və digər  məsələlər müzakirə olunub.