sa sa 261
AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib + Foto Okt 20, 2021 | 15:13 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 illik yubileyinə həsr olunmuş "İnsan və ekosfer: Qlobal problemlər və perspektiv həllər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, AMEA-nın müxbir üzvü Rafiq Qasımov həm Fiziologiya İnstitutunun, həm də akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin həyatında önəmli şəxs olub. Akademik bildirib ki, Rafiq Qasımov səmərəli elmi fəaliyyətinə, yüksək ixtisaslı kadr hazırlığında əldə etdiyi nailiyyətlərə görə dəfələrlə AMEA-nın və BTEB-in fəxri fərmanları ilə təltif edilib. Tanınmış alimin intellektual səviyyəsini, gözəl insani keyfiyyətlərini, geniş dünyagörüşünü və müxtəlif sahələrdə dərin biliklərini yüksək qiymətləndirən akademik İradə Hüseynova çıxışının sonunda yubliyarı səmimi şəkildə təbrik edib, ona xoş arzularını bildirib.

Sonra Fiziologiya İnstitutunun baş direktoru b.e.d., professor Ulduz Həşimova Rafiq Qasımovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, alim Azərbaycanda balıqların ekoloji fiziologiyası sahəsində məktəb yaradıb, onun tədqiqatlarının nəticələri biomüxtəlifliyin ən qədim nümayəndələrindən biri olan nərəkimilərin təbii populyasiyalarının mühafizəsi və qorunub saxlanması ilə bağlı müxtəlif səviyyələrdə həyata keçirilən fəaliyyətin elmi əsaslarının işlənib hazırlanmasında müstəsna rol oynayıb. Onun rəhhbərliyi altında aparılan Xəzərlə bağlı ekotoksikoloji tədqiqatların nəticələri dünya alimləri tərəfindən yüksək qiymətləndirilib, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nümayiş etdirilib, Leypsiq Yarmarkasının qızıl medalı ilə təltif edilib. Natiq 90 yaşlı alimin bu gün də Fiziologiya İnstitutunda elmi tədqiqat və kadr hazırlığı sahəsində fəaliyyətlərini davam etdirdiyini bildirib.

Tədbirdə Ekologiya və təbii sərvətlər nazirinin müavini, b.e.d., prof. Rauf Hacıyev çıxış edərək bildirib ki,  Rafiq Qasımovun rəhbərliyi ilə həm fəlsəfə, həm də elmlər doktorluğu üzrə dissertasiya işlərini yerinə yetirib. Rauf Hacıyev müəllimi haqqında xatirələrini danışıb, Rafiq Qasımovun keçən əsrin 50-ci illərində sənaye əhəmiyyətli balıq növlərinin, o cümlədən nərəkimilərin populyasiyalarının qorunması üçün onların süni artırılmasını əsaslandıran ilk alim olduğunu diqqətə çatdırıb. 

Konfransın işinə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən onlayn formatda qatılan Rusiya Elmlər Akademiyasının İ.Pavlov adına Fiziologiya İnstitutunun Neyrogenetika laboratoriyasının müdiri, b.e.d., professor Yelena Vladimirovna Savvateyeva Rafiq Qasımovun Leninqradda aspirantura təhsili aldığı, sonradan kiçik elmi işçi kimi tədqiqatlar apardığı illərdə əldə etdiyi elmi nailiyyətlərdən və insani keyfiyyətlərindən bəhs edib. Belarus MEA-nın Genetika və Sitologiya İnstitutundan b.e.d. Aleksandr Mixayloviç Slukvin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, b.e.d. Ədalət Fərəcov tədbirə onlayn qoşularaq Rafiq Qasımovun elmi və elmi-pedaqoji fəaliyyətindən bəhrələndiklərini bildiriblər.

Sonra Biologiya və Tibb elmləri Bölməsi Elmi şurasının üzvləri, Bölmə institutlarının direktorları tərəfindən yubilyara gül dəstələri və hədiyyələr təqdim edilib.  

Tədbirin sonunda Rafiq Qasımovun həyat və yaradıcılıq yolunu əks etdirən film nümayiş olunub.

Beynəlxalq konfrans öz işini elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.

science.gov.az