sa sa 971
Azərbaycanlı alim Polşada VIII beynəlxalq elmi konfransda iştirak edib Okt 29, 2021 | 15:32 / Konfranslar, iclaslar

Polşa Elmlər Akademiyasının Lublin filialı və Elm-Təhsil İnnovasiyaları Mərkəzinin təşkilatçılığı ilə hibrid formada VIII beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov onlayn iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi akademik nailiyyətlərin əhəmiyyətini təbliğ etmək, həmçinin təcrübə mübadiləsi və tələbələrin, doktorantların və gənc tədqiqatçıların inteqrasiyasını təmin etmək olub. Aparılan müzakirələr nəticəsində sahibkarlarla əlaqə yaratmaq, fənlərarası tədqiqat qruplarını təşkil etmək və onların mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək mümkün olub.

“Təcrübədə innovasiyalar” mövzusunda keçirilən sessiyada iştirakçılar tədqiqat və icmal işlərini təqdimat və ya posterlər şəklində nümayiş etdiriblər. İşin tezisləri konfrans materialları toplusuna daxil edilib.

Konfransda, həmçinin “Dialoq: enerji yığımı” seminarı keçirilib. Seminarın mövzuları əsasən, enerji yığımına, şəhərlərdə, xüsusən də sənaye şəraitində ətraf mühitdən alınan enerjinin bərpasına aid olub. Bu sahə elektrik enerjisinə artan tələbat səbəbindən diqqəti cəlb edir, qalıq enerji mənbələrinin axtarışına ehtiyacı aradan qaldırır, cəmiyyət və ətraf mühit üçün faydalıdır. Seminar çərçivəsində elmi nailiyyətlərin təqdimatı, sahibkarlar və alimlər üçün panel müzakirə sessiyaları da həyata keçirilib.