sa sa 1003
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür Noy 09, 2021 | 09:00 / Mühüm hadisələr

Azərbaycan respublikasının rəsmi simvollarından biri olan üçrəngli bayrağımız 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Müzəffər Ali Baş komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımız bu gün dünyanın ən mötəbər kürsülərində ucalan Azərbaycan bayrağının heç zaman enməməsi üçün səfərbər oldu. Torpaqlarımızın azadlığı uğrunda döyüşə gedərkən özləri ilə bayraq aparan, əgər şəhid olsam, məni bu bayrağa bükün deyən Azərbaycan əsgərinin qeyrəti sayəsində bu bayraq 30 il həsrətini çəkdiyimiz Qarabağda qürurla dalğalanır. Vətəni canlarından çox sevən qəhrəmanlarımızın torpaqlarımızın hər qarışı uğrunda çarpışaraq Qarabağın ən hündür zirvələrində, xüsusilə Şuşada dalğalandırdığı müqəddəs bayrağımızı görən hər bir azərbaycanlı fəxarət hissi keçirir. Bayraq Günü münasibətilə xalqımızı təbrik edir, bayrağımızın daim zirvələrdə dalğalanmasını arzulayırıq.