sa sa 1046
Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib + Foto Noy 18, 2021 | 03:18 / Konfranslar, iclaslar

Noyabrın 18-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. İclasda şuranın üzvləri və AMEA-nın müxbir üzvü İbrahim Əzizov iştirak edib. Gündəlikdə duran məsələ institutun iki əməkdaşının xaricə ezmiyyəti ilə bağlı şuranın tərkibində dəyişiklik edilməsi olub. GAMŞ-nın sədri Nərgiz Bayramova bildirib ki, Molekulyar biomühəndislik laboratoriyasının kiçik elmi işçisi Aytac Mürşüdzadə AMEA və Fransanın Monpelye Universiteti arasında mövcud olan əməkdaşlıq çərçivəsində 2021-2022-ci il doktorantura proqramının “Malyariya parazitində kodlaşdırılmayan RNT-lərin rolu” mövzusuna müraciət edib və müsahibədən keçib. A.Mürşüdzadə doktorantura təhsilinin iki ilini Monpelye Universitetində, bir ilini isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda oxuyaraq ikili diplomla məzun olmağa layiq görülüb. Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Səbinə Omarova isə cari ildə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Fransanın Monpelye Universitetində təhsil  almaq imkanı qazanıb. Deyilənləri nəzərə alaraq, şuranın tərkibində müvafiq dəyişikliklər təklif edilərək səsvermə keçirilib. Səbinə Omarova sədrin müavini və Mürşüdzadə Aytac isə katib vəzifəsindən azad olunub. Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi İsmayılova Günay GAMŞ-nın katibi vəzifəsinə seçilib.