sa sa 1074
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatların müzakirəsi davam edir + Foto Noy 29, 2021 | 16:06 / Konfranslar, iclaslar

Noyabrın 29-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda Xloroplastların fotokimyası, Hüceyrənin membran sistemləri laboratoriyalarının, Bionanotexnologiya beynəlxalq laboratoriyasının və Veteranlar şurasının illik hesabatı dinlənilib. Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, prof. İbrahim Əzizov, Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, b.e.d., prof. Səftər Süleymanov və Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi” mövzusu ətrafında 2021-ci ildə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Məruzəçilər cari ildə laboratoriya əməkdaşlarının çap işləri, konfranslarda iştirakı, yerli və xarici ezamiyyələr, kadr hazırlığı haqqında ətraflı məlumat veriblər. İnstitutda fəaliyyət göstərən əmək və müharibə veteranları haqqında Elmi şura üzvlərinə məlumat verən Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov il ərzində görülən işlərdən, veteranların institutun elmi və ictimai həyatında oynadığı roldan bəhs edib. İclasın sonunda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul olunub.