sa sa 1006
Elmi şuranın növbəti iclası keçirilib + Foto Dek 03, 2021 | 15:28 / Konfranslar, iclaslar

Dekabrın 3-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının hesabatlara həsr olunmuş növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gündəlikdə duran cari məsələlərin Molekulyar biomühəndislik beynəlxalq laboratoriyası, Populyasiya genomiksi laboratoriyası, İnstitutun Təhsil şöbəsi və Qadınlar şurasının illik hesabatı olduğunu bildirib.

Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Hüceyrə və molekulyar biotexnologiyalar yolu ilə kənd təsərrüfatı, insan sağlamlığı, sənaye, təbii ekosistemlərin qorunması və səmərəli istifadəsi problemlərinin həlli yollarının araşdırılması” mövzusu üzrə laboratoriyada yerinə yetirilən işlər haqqında ətraflı hesabat verib. Hal-hazırda Türkiyənin Akdeniz Universitetində çalışan və eyni zamanda Türkiyə Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü olan professor T.Məmmədov  rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən COVID-19-a qarşı hazırlanan peyvənd və sprey formasında preparatlar haqqında da geniş məlumat verib.  Qeyd olunub ki, hazırlanmış inaktiv vaksin Türkiyədə yeganə vaksindir ki, müəyyən sınaqlardan keçib və 3-cü klinik sınaq mərhələsindədir. İnstitutda yeni yaradılan Populyasiya genomiksi laboratoriyasının cari ildə apardıqları elmi-tədqiqat işləri barədə hesabat verən laboratoriya müdiri b.ü.f.d., dos. Nurməmməd Mustafayev bildirib ki, “Azərbaycan populyasiyasının və geniş yayılmış bəzi xəstəliklərin molekulyar-genetik tədqiqi, biobankların və məlumat bazalarının yaradılması” mövzusu ətrafında laboratoriyada 3 işin 4 mərhələsi üzrə tədqiqatlar aparılıb  və bir sıra maraqlı nəticələr alınıb. Azərbaycan populyasiyasının genetik strukturunun hipervariabel STR markerlərin genişləndirilmiş dəsti ilə tədqiqi, COVİD-19 və qan-damar xəstəlikləri fonunda angiotenzin çevirən fermentin və onun reseptorunun genlərinin polimorfizminin öyrənilməsi, Azıx mağarasından toplanan antropoloji və digər bioloji materialların tədqiqi üçün nəzəri bazanın yaradılması istiqamətində aparılan tədqiqatlar barəsində şura üzvlərinə ətraflı məlumat verilib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Təhsil şöbəsinin müdiri b.ü.f.d., dos.  Samirə Rüstəmova cari ildə İnstituntun magistraturasına və doktoranturasına qəbul, magistrant, doktorant və dissertantlarının attestasiyası, qış və yay imtahan sessiyalarının nəticələri, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası haqqında şura üzvlərinə ətraflı məlumat verib. Qadınlar şurasının sədri  b.ü.f.d., dos. Fəzilə Qasımova sədrlik etdiyi şuranın 2021-ci ildə fəaliyyətindən bəhs edib və kollektivinin əksəriyyətinin qadınlardan ibarət olduğu institutda Qadınlar şurasının əhəmiyyətini vurğulayıb.

Sonda hesabatların qəbul olunması haqqında qərar qəbul olunub.