sa sa 938
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz şənliyi keçirilib + Foto Mart 18, 2022 | 16:00 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı münasibətilə şənlik keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara sağlamlıq, xoşbəxtlik  və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik qeyd edib ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın rəmzidir. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Müstəqillik əldə etdikdən sonra milli bayramımız nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da soydaşlarımız tərəfindən qeyd edilir.  Bu gün Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir. Biz çox xəşbəxtik ki, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında  qəhrəman Azərbaycan ordusu tərəfindən azad olunmuş Qarabağ torpağında da Novruz bayramını qeyd edə bilirik. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, b.e.d. Səftər Süleymanov, b.ü.f.d. Ələmdar Məmmədov və başqaları tədbir iştirakçılarını təbrik edərək onlara öz xoş arzularını bildiriblər. Tədbirdə həmçinin xonça müsabiqəsi də keçirilib. İnstitutun hər bir laboratoriya və şöbəsinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının hazırladığı xonça müsabiqənin qalibi seçilib.