sa sa 789
Bu gün 31 mart azərbaycanlıların soyqırım günüdür Mart 31, 2022 | 09:00 / Mühüm hadisələr

31 mart faciəsi Azərbaycan tarixində unudulmaz bir hadisədir. Son iki yüz ildə Azərbaycan tarixinə faciələr və müsibətlərlə dolu bir çox səhifələr yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında baş verib. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qətlə yetirib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdaraq Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olunmuşdu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilmişdi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.