sa sa 966
REA Bitki Fiziologiyası İnstitutunun direktoru Dmitriy Los AMEA-nın vitse-prezidenti İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb + Foto Apr 15, 2022 | 09:00 / Mühüm hadisələr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 21 mart 2022-ci il tarixli sərəncamı ilə biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb. Bu münasibətlə REA Bitki Fiziologiyası İnstitutunun direktoru Dmitriy Los AMEA-nın vitse-prezidenti İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb. Məktubun mətnini diqqətinizə çatdırırıq:

Çox hörmətli İradə xanım!

Rusiya Elmlər Akdemiyası Bitki Fiziologiyası İnstitutunun kollektivi və şəxsən öz adımdan sizi Süleyman Allahverdiyevin “Rusiya Federasiyasının Əməkdar Elm Xadimi” fəxri adına layiq görülməsi münasibətilə təbrik edirəm.

Biz əminik ki, Süleymanın bu yüksək ada layiq görülməsi həm də Azərbaycan Respublikasının xidmətidir. Bizim həmkarımız, onun görkəmli şəxsiyyət kimi yetişməsində həlledici rol oynayan böyük, müdrik və çiçəklənən ölkənizdə doğulub, tərbiyə alıb və yaradıcılığına akademik Cəlal Əliyevin rəhbərliyi altında başlayıb.  Elmi tədqiqatlar yolunda ona Azərbaycan Milli Elmlər Akademiyası da əvəzsiz yardım və dəstək verib.

 Süleyman Allahverdiyevin yüksək peşəkar əməyi Azərbaycan və Rusiya arasında məhsuldar əməkdaşlığın parlaq nümunəsidir. Sizə əməkdaşlığınıza görə təşəkkür edir və ümid edirik ki, qarşılıqlı cəhdlərimiz bizi daha böyük elmi qələbələrə doğru aparacaq.

 

Hörmətlə,

REA BFİ-nun direktoru,

REA müxbir üzvü                                                                                            D.А. Los