Fitoplazma xəstəliklərini və onları yayan həşərat vektorlarını aşkar etmək məqsədilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyeva və kiçik elmi işçisi Rəvanə Malıyeva 13-16 aprel 2022-ci il tarixlərində Azərbaycanın Quba və Xaçmaz rayonlarında yerləşən fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə, şəxsi təsərrüfat və bağlarda fitopotoloji monitorinqlər keçiriblər. Monitorinqlər zamanı Xaçmazda şaftalı ağaclarının, Quba rayonunda isə alça ağaclarında quruma aşkar edilib. İlkin vizual diaqnostika və müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib. Bitkilərin üzərində və ətrafında qurumuş sarmaşıqlar aşkar edilib ki, bu da həşəratların rezervuar bitkiləridir. Ehtimal etmək olar ki, şaftalı və alça ağaclarının quruması fitoplazma xəstəliklərinin nəticəsində baş verib. Qurumuş budaq nümunələri analiz edilmək üçün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilib, eləcə də fermerlərə məsləhət görülüb ki, xəstəliyin yayılmaması üçün qurumuş ağacları kökündən çıxarıb yandırsınlar.