sa sa 810
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto Apr 21, 2022 | 12:00 / Konfranslar, iclaslar

Aprelin 20-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova Elmi şuranın üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Sədr institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi və şuranın yeni tərkibi, biologiya üzrə fəlsəfə doktoru Durna Əliyevanın yenidən institutun elmi katibi vəzifəsinə təsdiq edilməsi, AMEA-nın ümumi yığıncağının keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarları barəsində şura üzvlərinə məlumat verib. Gündəlikdə duran növbəti məsələ institutun doktorantlarının attestasiyası ilə bağlı olub. Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova bildirib ki, institutda hal-hazırda 3 ixtisas üzrə 7 doktorant dissertasiya mövzuları ətrafında tədqiqat işləri aparırlar. Sonra doktorantlar şura üzvləri qarşısında 2021-ci ildə gördükləri işlər barəsində hesabat verib və şura üzvlərinin suallarını cavablandırıblar. Doktorantların gördükləri işlər qənaətbəxş hesab edilib və onlar attestasiyadan keçmiş hesab olunublar. Elmi Şurada həmçinin Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Səmra Mirzəyevanın Türkiyənin Ankara şəhərinə və Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynovanın Fransanın Monpelye şəhərinə ezam edilməsi haqqında məlumat verilib. Sonda institutun fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq uyğun qərarlar verilib.