sa sa 444
Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib İyn 03, 2022 | 10:30 / Mühüm hadisələr

Biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında və elmi kadrların hazırlığındakı böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə, “Fiziki-kimyəvi biologiya” ixtisasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Xatırladaq ki, tanınmış alim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 21 mart 2022-ci il tarixli sərəncamı ilə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülmüşdü. O, daha əvvəl 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının enerji sənayesi sahəsində ən nüfuzlu beynəlxalq “Qlobal Enerji” mükafatının laureatları arasında olub.

Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyev son illərdə əsərlərinə edilən istinadların sayına görə, Rusiyanın ən reytinqli alimləri siyahısında, bir qayda olaraq, ön sıralarda gedir.

Süleyman Allahverdiyevi Rusiya EA-nın müxbir üzvü seçilməsi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi adından təbrik edir, ona elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, Süleyman Allahverdiyev Azərbaycan elminin inkişafına verdiyi töhfələri bundan sonra da davam etdirəcək.

science.gov.az