sa sa 819
Akademik İradə Hüseynova Zəngilan rayonunda ezamiyyədə olub + Foto İyn 16, 2022 | 10:48 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Zəngilan rayonunda ezamiyyətdə olub.

Alim Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilan rayonunun Ağalı kəndidə keçirilmiş iclasında iştirak edib.

İclasda digər məsələlərlə birgə, regionun biomüxtəlifliyinin, torpaq və su ehtiyatlarının tədqiqi məsələləri də müzakirə edilib, xüsusən Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, hələ 2021-ci ilin oktyabr-noyabr aylarında AMEA-da Mikrobiologiya, Botanika, Zoologiya, akademik Abdulla Qarayev adına Fiziologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının alim və mütəxəssislərindən ibarət işçi qrup formalaşdırılıb, bu qrup tərəfindən müvafiq texniki tapşırıqlar və iş planı hazırlanıb, lazımi metodikalar seçilib. Oxçuçay hövzəsində ilk elmi ekspedisiya tədqiqatları AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrini təmsil edən 9 alimin iştirakı ilə 16-17 may 2022-ci il tarixlərində keçirilib. Monitorinqlərin ilkin nəticələri ümumiləşdirilib, hesabat hazırlanaraq müvafiq şəkildə təqdim edilib.

Tədbirdə Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, b.e.d., prof. Elman İsgəndər də iştirak edib.  Səfər zamanı akademik İradə Hüseynova və professor Elman İsgəndər “Ekoloji məsələlər” üzrə işçi qrupun üzvləri ilə birgə Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”lə, Zəngilan rayonu ərazisində aparılan yaşıllaşdırma işləri ilə, Oxçuçayın sahil əraziləri və Oxçuçay mərmərləşmiş əhəngdaşı yatağı ilə tanış olublar.

science.gov.az