1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun hərbi hissələri müasir standartlara uyğun qurulub, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılıb, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Artıq iki ildir ki, Azərbaycan xalqı Ordu Gününü qürurla qeyd edir. İndi torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edirik!