sa sa 183
AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 75 yaşı tamam olur Avg 05, 2022 | 13:21 / Yubileylər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizovun anadan olmasının 75, əmək fəaliyyətinin 50 ili tamam olur.

Ömrünün müdriklik çağında olan görkəmli alimin istər elmi və pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. 

İbrahim Vahab oğlu Əzizov 5 avqust 1947-ci ildə Zaqatala rayonunun Qarqay kəndində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək, 2 il Zaqatala rayonu Mosul və Qandax kənd orta məktəbində müəllim vəzifəsində çalışıb. 1972-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun aspiranturasına daxil olan İ.Əzizovu tale böyük alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı akademik Cəlal Əliyevin yanında gətirib. Aspiranturada təhsil aldığı illərdə Azərbaycan biologiya elminin karifeyi olan bu görkəmli alimin rəhbərliyi ilə məhsuldarlığına görə fərqlənən müxtəlif buğda sortlarının ontogenezində xloroplastların fotokimyəvi fəallığının tədqiqi ilə məşğul olan gənc alim üçün akademik Cəlal Əliyev təkcə elmi rəhbər olmamış, eyni zamanda, bütün digər tələbələri kimi ona da himayədarlıq etmiş, daim diqqət və qayğı göstərmişdir. 1978-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutunun nəzdində Fotosintezin fiziologiyası laboratoriyası təşkil olunmuş və İbrahim Əzizov həmin laboratoriyanın ilk əməkdaşı kimi baş laborant vəzifəsinə təyin edilmişdir. 1987-ci ildə laboratoriyada ixtisaslı kadrların sayı artmış və bura 4 qrupdan ibarət Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinə çevrilmişdir. 1987-2016-ci illərdə İ.Əzizov burada böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir. Qeyd edilən şöbənin əsasında 2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradıldıqdan sonra, İbrahim Əzizov öz fəaliyyətini institutun Xloroplastların fotokimyası laboratoriyasının müdiri kimi uğurla davam etdirir.

İbrahim Əzizov 1981-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə “Müxtəlif məhsuldar buğdaların ontogenezində xloroplastların fotosintez qabiliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. O, öz tədqiqatlarını uğurla davam etdirərək, alınan nəticələr əsasında 1994-cü ildə “Məhsuldarlığı və becərilmə şəraiti ilə əlaqədar olaraq müxtəlif buğda sortlarının assimiləedici orqanlarından ayrılmış xloroplastlarda fotokimyəvi reaksiyaların fəallığı” mövzusunda dissertasiya işini müdafiə etmiş, biologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.

Görkəmli alim apardığı elmi tədqiqat işlərinin nəticələrinə görə bir sıra beynəlxalq elmi konfranslara dəvət alaraq məruzələrlə çıxış etmiş və onun əldə etdiyi nəticələr xarici ölkə alimlərinin marağına səbəb olmuşdur.  O, 290-dan artıq elmi əsərin, 1 monoqrafiya, 1 kitab və 1 patentin müəllifidir. Onun rəhbərliyi altında 8 biologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. 1985-ci ildən Bakı Dövlət Universitetində, 2016-ci ildən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  ixtisas dərslərini aparır.

İ.Əzizov bitki fiziologiyası sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyəti stres şəraitində müxtəlif buğda sortlarının su rejiminin, zülal tərkibinin və xloroplastların fotosintez fəallığının tədqiqinə həsr olunmuşdur. Onun tərəfindən Abşeronun neftlə çirklənmiş torpaqlarının monitorinqi aparılmış, ərazi üçün səciyyəvi olan mikroorqanizmlərdən, onurğasızlardan və bitkilərdən istifadə etməklə çirkli torpaqların bioremediasiyası üsulu işlənib hazırlanmışdır. Akademiyanın Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə birgə apardıqları tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddələr alınmış, həmin maddələr bitki və heyvan orqanizminə daxil edilərək onların şüaqoruyucu xassələri tədqiq edilmişdir. Alınan fizioloji maddələr içərisində yapon saforası, boymadərən, gülümbahar, dazıotu, zəncirotu çiçəklərindən və yaşıl qoz meyvəsindən alınan ekstraktların radioprotektor xüsusiyyətlərə malik olduğu təsdiqlənmiş və onların praktikada tətbiqi tövsiyə edilmişdir.

AMEA-nın müxbir üzvü İbrahim Əzizovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də respublikamızın müxtəlif ekoloji şəraitlərində yetişə bilən və yüksək məhsuldarlığa malik, quraqlığa və şoranlığa davamlı buğda sortlarının yaradılmasıdır. Çoxsaylı buğda sortları içərisindən yüksək fotosintez qabiliyyətinə və məhsuldarlığına görə fərqlənən genotiplərin seçilərək çarpazlaşdırılması yolu ilə yeni nəsil hibridlərin əldə olunması İ.Əzizovun uğurlu elmi nailiyyətlərindən sayıla bilər. Hazırda həmin buğda sortları və hibridləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında və eyni zamanda, Kürdəmir təcrübə sahəsində  şoran torpaqlarda əkilmişdir.

İ.Əzizov bir sıra yerli və beynəlxalq layihələrin bilavasitə iştirakçısı və rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə “Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının bioremediasiya üsulunun işlənib hazırlanması”, “Gəncə ətrafı çirklənmiş torpaqların təmizlənməsində yeni üsulların tətbiqi”, “Fotosintezin ilkin proseslərinin fitoxromla tənzimlənməsi - mədəni bitkilərin stresə davamlılıq amili kimi” mövzularında bir sıra beynəlxalq qrand layihələri yerinə yetirilmiş və çirklənmiş torpaqların təmizlənməsinin yeni, ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli metodları işlənib hazırlanaraq praktikaya tətbiq edilmişdir. Bu metodun əsasını təbiətdə canlılar arasında mövcud olan trofik əlaqələr təşkil edir. Neft məhsulları ilə çirklənmiş torpaqlar şumlandıqdan sonra peyin-humus qarışığı ilə zənginləşdirilir. Humusun tərkibində olan bakteriya və göbələklər yüksək molekullu neft karbohidrogenlərini parçalayaraq zərərsizləşdirilir. Müəyyən müddətdən sonra həmin torpağa yağış qurdları əlavə olunur və onların fəaliyyətinə nəzarət edilir. Yağış qurdları torpaq hissəciklərini həzm sistemindən keçirərək keyfiyyətini yaxşılaşdırırlar. Əgər onlar çoxalıb arta bilirlərsə, həmin torpağa otların toxumları səpilir. Belə torpaqlarda ilk olaraq sürünən ayrıq yaxşı inkişaf edir, torpağın strukturunu yaxşılaşdırır və digər bitkilərin inkişafı üçün şərait yaradır. Bu üsulla neft məhsulları ilə çirklənmiş torpaqları 3 il müddətinə əkin üçün yararlı hala salmaq mümkündür. İ.Əzizov tərəfindən su çatışmazlığı şəraitində biogen elementlərin buğda cücərtilərinin böyümə və inkişafına, yarpaqlarda piqmentlərin miqdarına təsiri öyrənilmişdir.

Alim  2001-2016-ci illərdə Biologiya və Tibb Elmləri  Bölməsinin akademik-katibinin müavini, 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və aqrar elmləri üzrə Ekspert şurasının sədri, “AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası)”, “Transaction of the Institute of Molecular Biology and Biotechnologies”, Ukrayna “Orqanizmlərin eksperimental təkamülünün amilləri” jurnallarıının redaksiya heyətinin üzvü olmuşdur. Hal-hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, Elmi şuranın, Veteranlar şurasının üzvüdür.

İbrahim Əzizov eyni zamanda, cəsarətli və vətənpərvər bir insandır. Ölkənin ən ağır vaxtlarında - 1992-ci ilin 16 oktyabrında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri məhz İbrahim Əzizov olmuşdur. O, 2021-ci ildən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.

Əldə etdiyi elmi nailiyyətlərin nəticəsi olaraq İ.Əzizov 2012-ci və 2017-ci illərdə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə, 2005-ci ildə elmi-pedaqoji sahədə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Ömrünün müdriklik çağını yaşayan professor İbrahim Əzizov bütün varlığı və ruhu ilə yaradıcı insandır. O bu gün də daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti ilə yanaşı, həm də incə qəlbə malik olan İbrahim müəllim eyni zamanda şeiri, poeziyanı da çox sevir, ürəyindən, xəyalından keçənləri sevə-sevə qələmə alır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

75 illik yubileyini qeyd edən, yüksək insani dəyərlərə və tükənməz elmi və pedaqoji potensiala malik olan tanınmış alim bu gün də elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir. Şərəfli yubileyi münasibətilə professor İbrahim Əzizovu səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzu edirik.

science.gov.az