sa sa 215
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimləri Beynəlxalq Konfransda iştirak ediblər + Foto Avg 30, 2022 | 12:09 / Konfranslar, iclaslar

24-25 avqust tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən akademik Yusuf Saidoviç Nasırovun 90 illik yubileyinə həsr olunmuş "Tacikistanda eksperimental biologiyanın formalaşması və inkişafı" adlı beynəlxalq konfrans keçirilib. Konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının əməkdaşları - baş elmi işçi, b.e.d. Şahniyar Bayramov və aparıcı elmi işçi, b.ü.f.d. Ulduzə Qurbanova, Proteomiks Beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayeva iştirak ediblər.

Konfransda müasir çağırışlara cavab verən, mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən bir sıra problemlər, o cümlədən bitkilərdə fotosintez və məhsuldarlıq, biomüxtəlifliyin qorunması, bitki genofondu, seleksiya və kənd təsərrüfatında toxumçuluq, bitki mühafizəsi və s. kimi sahələri əhatə edən tədqiqatlar haqqında geniş məruzələr edilib və fikir mübadiləsi aparılıb. Dünyanın müxtəlif ölkələrindən 200-dən çox alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq elmi konfransda institutun əməkdaşları “Fotosintez və bitki məhsuldarlığının artırılması” seksiyasında maraqlı məruzələrlə çıxış ediblər.  Məruzəçilər konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Azərbaycanlı alimlərin araşdırmaları və əldə etdikləri nəticələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Avqustun 25-də Tacikistan Milli Elmlər Akademiyasının Botanika, Bitki Fiziologiyası və Genetikası İnstitutunun binasında akademik Y.S. Nasırovun şərəfinə xatirə lövhəsinin açılışı olub. Səfər çərçivəsində İnstitutun əməkdaşları Tacikistan MEA Botanika, Fiziologiya və Bitki Genetikası İnstitutunun rəhbərliyi və aparıcı alimləri ilə görüşüb, gələcəkdə birgə elmi əməkdaşlıq və kadr hazırlığı istiqamətində görüləcək işlər ətrafında geniş müzakirələr aparıblar. Konfransın sonunda eksperimental biologiyanın müxtəlif sahələrində elmin inkişafı və müxtəlif ölkələrin alimlərinin əməkdaşlığının daha da gücləndirilməsinə dair qətnamə qəbul edilib.