sa sa 799
MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub Sen 05, 2022 | 19:00 / Nəşrlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, institutun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri b.e.d., prof. Süleyman Allahverdiyev  və magistrant Mehriban Şabanovanın xarici həmkarlarla həmmüəllif olduqları “Effects of novel photosynthetic inhibitor [CuL2]Br2 complex on photosystem II activity in spinach” adlı məqalə “Cells” jurnalında (IF 7,611) çap olunub (Cells 2022, 11(17), 2680; https://doi.org/10.3390/cells11172680). Qeyd edək ki, onlayn şəkildə çıxan jurnal hüceyrə biologiyası, molekulyar biologiya və biofizika sahələri üzrə tədqiqatların nəticələrini özündə əks etdirən yüksək reytinqli beynəlxalq dərgidir.

Məqalə yeni kompleks birləşmənin [CuL2]Br2 complex (L = bis{4H-1,3,5-triazino [2,1-b]benzothiazole-2-amine,4-(2-imidazole)}copper(II) bromide complex) ispanaq bitkisindən ayrılmış membranlarda fotosistem II-nin aktivliyinə təsirinin tədqiqinə həsr olunub. Eksperimental tədqiqatlar nəticəsində bu kompleks birləşmənin süni elektron qəbuledicilərinin iştirakı ilə oksigenin fotosintetik ayrılmasını inhibirləşdirdiyi və fotosistem II-də zülalların nativ halına əhəmiyyətli təsir göstərmədiyi sübut olunmuşdur.