sa sa 863
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Müdafiə şurasında Könül Həsənovanın b.ü.f.d. dissertasiya işinin müdafiəsi keçirilib + Foto Sen 09, 2022 | 18:00 / Mühüm hadisələr

Sentyabrın 9-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasında  Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Könül Zaur qızı Həsənovanın 2411.02 – “Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İşığın intensivliyinin və spektr tərkibinin tomat genotiplərinin morfofiziolojı xüsusiyyətlərinə və məhsuldarlığına təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi AMEA-nın müxbir üzvü, prof. İbrahim Əzizovun və biologiya üzrə fəlsəfə doktoru, dos. Arif Qaziyevin rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri AMEA-nın müxbir üzvü, prof. Maqsud Qurbanov, biologiya elmləri doktoru, prof. Vilayət Abdiyev və biologiya üzrə fəlsəfə doktoru, dos. Cavanşir Təlaidir.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova  Könül Həsənovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqat işində bir sıra maraqlı nəticələr əldə olunub. İlk dəfə olaraq hüceyrədə yaşıl işıq reseptorlarının fəaliyyəti,  onların metabolizm proseslərində iştirakı tədqiq edilib. Qırmızı işığın tomat bitkisində şəkərlərin, göy işığın isə zülalların sintezini induksiya etməsi müəyyən olunub. Göstərilib ki, yaşıl və qırmızı işıq şüalarının birgə təsiri tomat meyvələrinin dadının şirinləşməsinə və rənginin tündləşməsinə səbəb olur.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Könül Həsənovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.