sa sa 811
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib + Foto Sen 13, 2022 | 12:49 / Konfranslar, iclaslar

Sentyabrın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. Əvvəlcə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüquq normalarının, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinin kobud şəkildə pozulması və Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə açan Elmi şuranın sədri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova Elmi şuranın üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistr pilləsi üzrə 2022/2023-cü tədris ili üçün Molekulyar biologiya, Biotexnologiya, Biokimya və Bitki fiziologiyası ixtisasları üzrə tədris planları müzakirə olunaraq qəbul olunub. İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova 2022/2024-cü tədris ilində İnstitutun magistraturasına qəbul olunmuş tələbələr, habelə 2022-ci tədris ilində İnstitutun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunmuş dissertantlar haqqında məlumat verib. Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən  akademik Y.S.Nasırovun 90 illik yubleyinə həsr olunmuş beynəlxalq konfransdan qayıdan institut əməkdaşları - b.e.d., dos. Şahniyar Bayramov, b.ü.f.d., dos. Ulduzə Qurbanova və gənc alim Aynurə Paşayeva konfransda iştirakları barədə, Türkiyə Respublikasının Ankara Universitetindən ezamiyyədən qayıdan Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyeva orada yerinə yetirdiyi tədqiqatlar haqqında şura üzvlərinə məlumat verib. Daha sonra  İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanovanın, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Aygün Sadıqovanın Türkiyə Respublikasının İstanbul şəhərinə və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının kiçik elmi işçisi Sevinc Musayevanın Türkiyə Respublikasının Antalya şəhərinə ezam  edilməsi məsələlərinə baxılıb. İclasda həmçinin Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Fazilə Qasımovanın 65 illik yubileyinin keçirilməsi, 27 sentyabr – Anım günü ilə əlaqədar tədbirlər planı və digər təşkilati məsələlər müzakirə olunaraq uyğun qərarlar qəbul olunub.