sa sa 781
Sinqapurda çalışan azərbaycanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi fəaliyyəti ilə tanış olub + Foto Sen 16, 2022 | 19:00 / Görüşlər

Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun tədqiqatçı alimi, doktor Nailə Omar Xəyyam Əliyeva AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib, İnstitutun laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə tanış olub.

İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova  müəssisənin tarixi, əsas fəaliyyət istiqamətləri və burada aparılan elmi tədqiqat işləri, əldə edilən mühüm nəticələr barədə məlumat verərək bildirib ki, müəssisənin maddi-texniki bazasının təşkilində, tədqiqat istiqamətlərinin müəyyənləşməsində və kadr potensialının zənginləşməsində akademik Cəlal Əliyevin mühüm xidmətləri olub. Müəssisə əməkdaşlarının əsas hissəsinin gənclərdən ibarət olduğunu bildirən alim hazırda MBBİ-də magistrant və doktorantların hazırlanması, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Almaniya, Cənubi Koreya, Türkiyə və digər aparıcı ölkələrin elm mərkəzlərində təcrübəyə cəlb edilməsi istiqamətində sistemli addımların atıldığını söyləyib. O vurğulayıb ki, tanınmış xarici elm mərkəzlərində çalışan azərbaycanlı alimlərlə, o cümlədən Nailə xanım Əliyeva ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası yolunda əhəmiyyətli nailiyyətlər qazanmağa imkan yaradır.

İnstitutda yerinə yetirilən tədqiqat işlərindən məmnun qalan Nailə Əliyeva dəvətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan diasporunun bütün nümayəndələri kimi, o da vətənində baş verən mühüm hadisələrlə, elmin inkişafı, təhsilin səviyyəsi ilə dərindən maraqlanır, təhsilə və elmə gənclərin, xüsusən də qızların cəlb edilməsi məsələsini dəstəkləyir.

Qeyd edək ki, Nailə Əliyeva 1992-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 1999-cu ildə N.N.Bloxin adına Xərçəng Elmi Tədqiqat Mərkəzində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi tədqiqatlarını Moskva Dövlət Universitetində, ABŞ-ın Florida və Texas universitetlərində davam etdirib. Hazırda alim Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunda regenerasiya və funksional bərpa proseslərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır.