sa sa 701
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Anım günü ilə əlaqədar tədbir keçirilib + Foto Sen 27, 2022 | 19:00 / Mühüm hadisələr

Sentyabrın 27-də Azərbaycan Respublikası ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Anım Günü münasibətilə şəhid və qazilərin ailə üzvlərinin iştirakı ilə geniş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclası giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Akademik İradə Hüseynova Azərbaycanın bu gün mövcud olan qüdrətli ordusunun bünövrəsinin ümummili lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Akademik 22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasiminin Şuşada, Cıdır düzündə keçirilməsinin tarixi əhəmiyyət daşımasından söz açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qanı hesabına düşmən tapdağından azad olunmuş müqəddəs Şuşa torpağını, M.P.Vaqifin məqbərəsini ziyarət edərkən keçirdiyi təəssüratları tədbir iştirakçıları ilə bölüşüb. Sonra AMEA əməkdaşlarının  iştirakı ilə Şuşa şəhərində baş tutan beynəlxalq konfransın bağlanış mərasimini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən qazi anaları – M.Xanışova, N.Abdullayeva onların övladlarına dövlət tərəfindən daima qayğı göstərildiyini vurğulayaraq, müharibənin çətin günlərində onlara dəstək olduqlarına, diqqət və qayğı göstərdiklərinə görə institutun rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.

İnstitutun əməkdaşlarından M.Paşayev yaxınlarının müharibədə iştirak etdiyi günləri xatırlayaraq Azərbaycan xalqının cənab Prezidentin ətrafında bir yumruq kimi birləşib bu sınaqdan şərəflə, qalib xalq kimi çıxdığını qeyd edib.   

Birinci Qarabağ müharibəsinin iştirakçıları N.Mustafayev, Ş.Məmmədov və B.Daşdəmirov, şəhid qardaşı F.Məmmədov, institutun Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın müzbir üzvü Novruz Quliyev, biologiya elmləri doktoru Səftər Süleymanov və başqaları çıxış edərək Azərbaycan xalqının bu tarixi qələbəsinin məhz xalqın istəyi, ordunun gücü və rəhbərin iradəsinin üst-üstə düşməsi hesabına qazanıldığını vurğulayıblar.