sa sa 765
MBBİ-də Biokimya ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto Okt 19, 2022 | 15:02 / Mühüm hadisələr

Oktyabrın 19-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.25 Dissertasiya şurasında Nahidə Əliyevanın 2406.02- Biokimya ixtisasında dissertasiya işinin müdafiəsi keçirilib. Biologiya elmləri doktoru, professor Səftər Süleymanovun rəhbərliyi altında aparılan elmi işin mövzusu “Qarğıdalı bitkisinin (Zea mays L.) mezofil və örtüktopa xloroplastlarının normal və duz stresi şəraitində biokimyəvi və ultrastruktur xüsusiyyətləri” dir.

Dissertasiya Şurasının sədri, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova 18 şura üzvündən 16-nın iclasda iştirak etdiyini qeyd edib. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduza Qurbanova iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, fotosintezin C4 metabolizminə aid qarğıdalı bitkisinə duz stresinin təsiri zamanı mezofil və örtüktopa xloroplastlarının tilakoid membranlarının funksional komponentlərinin və ultrastrukturunun tədqiqi mühüm elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. İlk dəfə olaraq, C4 bitkisi olan qarğıdalının mezofil və örtüktopa hüceyrələrinin xloroplastları normal şəraitdə və duz stresinin təsiri altında kompleks şəkildə tədqiq edilib. Duz stresi zamanı bitkilərin morfofizioloji əlamətlərində, biokimyəvi xüsusiyyətlərində və ultrastrukturunda baş verən dəyişikliklərin öyrənilməsi stresə adaptasiya mexanizmlərinin aydınlaşdırılması üçün əhəmiyyətlidir və duzadavamlı qarğıdalı sortlarının yaradılmasında istifadə oluna bilər. 

Disssertasiya işinin rəsmi opponentləri biologiya elmləri doktoru, professor Ziyəddin Məmmədov, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov və biologiya üzrə fəlsəfə doktoru, dosent Vüsal Orucov irad və tövsiyələrinini iddiaçıya bildirərək tədqiqat işinin  tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd ediblər. Opponentlər dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Biokimya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya üzrə elmlər doktorları Əhəd Nəbiyev, Vilayət Abdiyev,  Şahniyar Bayramov  dissertasiya işi haqqında təklif və tövsiyələrini diqqətə çatdırıblar. Çıxış edənlər təqdim edilən dissertasiyanın aktuallığı, elmi-praktiki əhəmiyyəti və elmi yeniliyə malik olduğunu bildiriblər.

Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nahidə Əliyevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.