26 oktyabr 2022-ci il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün “İnsanın genetik identıfıkasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursuna başlanılmışdır. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova iştirakçıları salamlayaraq bu sahədə aparılan tədqiqat işlərinin elmi və tətbiqi əhəmiyyətindən söhbət açmışdır. Alim belə kursların təşkilinin gənclərin elmə cəlb olunmasında, elm-təhsil əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıyacağını qeyd etmişdir. Üç gün müddətində davam edəcək təcrübə kursunda gənclərə həm nəzəri məlumatlar veriləcək, həm də təcrübələrdə iştirak təmin olunacaqdır. Kursun ilk günündə institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dos. Nurməmməd Mustafayev "Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” mövzusunda, laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova isə "İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu”mövzusunda mühazirə oxuyublar. Praktiki hissədə tələbələr ilkin olaraq laboratoriyada təhlükəsizlik qaydaları və cihazların iş prinsipi ilə tanış olublar, həmçinin onlara genom DNT-sinin ekstraksiyası göstərilib. Kurs növbəti günlərdə də davam edəcək.