sa sa 603
Mikrobiologiya İnstitutunun illik hesabat iclası keçirilib + Foto Dek 07, 2022 | 16:00 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Elmi şurasının 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının üzvləri akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, b.ü.f.d., dosent Esmira Əlirzayeva da iştirak ediblər.

Tədbiri akademik İradə Hüseynova açaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın tabeliyində olan bir sıra elmi müəssisə və təşkilatların, o cümlədən də Mikrobiologiya İnstitutunun Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı məsələyə toxunub, institutun yeni dövrdə fəaliyyətlərini uğurla davam etdirəcəyinə ümid etdiyini bildirib.

Sonra akademik İradə Hüseynova Mikrobiologiya İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatın təqdimatı üçün sözü müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradova verib.

Pənah Muradov Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 2-4-cü bəndinə müvafiq olaraq institutun “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hazırlanmasında fəal iştirak etdiyini və bu işlərin hesabat ilində də davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, 2022-ci ilin mövzu planına uyğun olaraq institutda 2 problem və 7 mövzu üzrə 7 iş 14 mərhələdə yerinə yetirilib. Natiq qeyd edib ki, hesabat dövründə yerinə yetirilən mövzular üzrə tədqiqatlar Azərbaycan Respublikasının müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin mikro və mikobiotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə həsr edilib.

Sonra Pənah Muradov tətbiq edilmiş və təsərrüfat müqavilələri əsasında görülmüş işlər haqqında məlumat verib. O qeyd edib ki, təsərrüfat hesablı müqavilə əsasında AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Pomidor və xiyar sortlarının istixana üçün yüksək məhsuldar, əsas xəstəliklərə davamlı nümunələrinin seçilməsi və onların becərilməsi üçün innovativ metodların işlənib hazırlanması” mövzusunda iş 2022-ci ildə başa çatdırılıb və sifarişçi tərəfindən qəbul edilib.

Hesabat ilində institut əməkdaşlarının 72 elmi əsəri, o cümlədən 4 kitab və monoqrafiya (1-i xaricdə), 18 məqalə (16-ı xaricdə), 46 tezis (8-i xaricdə) dərc edilib. Məqalələrin 4-ü “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilib. Əməkdaşların elmi işlərinə 79 istinad edilib. Hesabat dövründə institutun beynəlxalq əlaqələri inkişaf edib, Qazaxıstan Respublikasının Çimkənd Universiteti və Özbəkistan EA-nın Mikrobiologiya İnstitutu ilə elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bundan başqa, Xəzər Universiteti, Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə də əməkdaşlıq haqqında müqavilələr bağlanıb.

Sonra institutun illik hesabatı ətrafında çıxışlar edilib, kadr hazırlığı, gənclərin elmə cəlb edilməsi, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, multidissiplinarlığın təmin olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək müəssisənin beynəlxalq əlaqələri, xarici fondlara layihələrin təqdim edilməsi, kadr hazırlığında xarici mərkəzlərlə əməkdaşlıq məsələlərinə toxunub.

Müzakirələrə yekun vuran akademik İradə Huseynova Araz və Kür, Oxçuçay və digər transsərhəd çayları, işğaldan azad edilmiş ərazilərlə bağlı tədqiqatların daha da genişləndirilməsinin vacibliyini bildirib, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonda institutun hesabat ilindəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

science.gov.az