sa sa 572
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-ci il üzrə illik hesabatı dinlənilib + Foto Dek 15, 2022 | 14:00 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının sözügedən müəssisənin illik hesabatına həsr olunan iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Novruz Quliyev,  Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Afiq Məmmədov, institutun rəhbərliyi, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.

İclasa sədrlik edən akademik İradə Hüseynova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsini təqdim etmək üçün sözü institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə verib.

Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan tədqiqatların Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Dövlət proqramlarındakı tapşırıqlar əsasında həyata keçirildiyi haqqında məlumat verib.

O, institutda 2 problem, 17 mövzunu əhatə edən 83 işin  və 110 mərhələsi üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edərək, 2 mühüm nəticənin əldə olunduğunu bildirib.

Cari ildə 76-sı xaricdə olmaqla 115 məqalə, 24-ü xaricdə olmaqla 54 tezis, 1 biblioqrafiya, 1 kitab-dərslik, 7 monoqrafiya, 1 proqram, 1 metodik tövsiyə nəşr olunub. Məqalələrin 25-i yüksək impakt farktorlu “Web of Science”, “Scopus”, “AGRIS” bazalarında indeksləşən beynəlxalq jurnallarda dərc edilib. İnstitut alimlərinin  nəşrlərinə 212 istinad olunub.

Həmçinin alim qeyd edib ki, hesabat ilində institutda Türkiyə, Qazaxıstan, Ukrayna, Belarusiya, Sinqapurla  əməkdaşlıq əlaqələri uğurla davam etdirilib.

Ə.Quliyev Kür-Araz ovalığında Baş Mil Qarabağ, Baş Mil Muğan, Baş Şirvan kollektorların müasir vəziyyətinin haqqında məlumat verib. O bildirib ki, kollektorlardan axıdılan suyun minerallığı çox aşağıdır, hətta suyun minerallığı 3.0 q/l–dən az olan yerlərdə sulardan suvarma üçün istifadə edilir.

Alim Azərbaycanda etibarlı su sistemləri kəhrizlər barədə görülən işlərdən bəhs edərək qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəhrizlər bizim alimlərin və mütəxəssislərin köməyi ilə bərpa olunaraq həm içməli suya olan tələbatı, həm də kənd təsərrüfatının suvarma əkinçiliyinin inkişafına təkan verə biləcək.

Ə.Quliyev, həmçinin institutun kadr hazırlığı, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, magistratura, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, xarici ölkələrə elmi səfərlər, yerli və beynəlxalq səviyyəli konfrans və kütləvi informasiya vasitələrində nümayiş etdirdikləri elmi-populyar fəaliyyətdən ətraflı şəkildə bəhs edib. Alim Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Torpaq  elmi: dünəni, bu günü və sabahı” adlı 5 dekabr “Dünya Torpaq Günü”nə həsr edilən beynəlxalq elmi konfrans haqqında geniş məlumat verib.

İnstitutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatlar təqdim olunub.

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar ətraflı cavablandırılıb.

Sonda akademik İradə Hüseynova müzakirələri yekunlaşdıraraq institutun fəaliyyətini müsbət qiymətləndirib. Açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

sciecnce.gov.az