sa sa 605
Fiziologiya İnstitutunun illik hesabatı dinlənilib + Foto Dek 19, 2022 | 13:55 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının illik hesabat iclası keçirilib.

Tədbirdə İnstitutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova hesabatı təqdim etmək üçün sözü institutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya verib.

Ulduz Həşimova məruzəsində cari ildə Dövlət proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verərək, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) əsas elmi istiqamətlərində 4 problemin həlli üzrə 13 mövzuya aid 29 elmi tədqiqat işinin 45 mərhələsinin yerinə yetirildiyini bildirib. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 143 elmi əsərin, o cümlədən 63 məqalə və 80 məruzə tezislərinin yerli və xarici elmi mətbuatda nəşr edildiyi, 10  məqalənin impakt faktorlu jurnallarda dərc edildiyi vurğulanıb. İnstitut əməkdaşlarının həm respublikada, həm də xaricdə çoxsaylı ezamiyyətlərdə və  konfranslarda, vebinarlarda iştirak etdiyi haqda məlumat diqqətə çatdırılıb. 

İnstitutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələr üzrə yüksək impakt faktorlu jurnallara məqalələrin hazırlandığı bildirilib.

Ulduz Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.

Baş direktor son illərdə institutun beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayaraq 2022-ci ildə 2 xarici (Rusiya, Türkiyə) və 6 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, institutda yerinə yetirilmiş tədqiqatlar, alınmış nəticələr barədə fikirlər bildirilib, problem və perspektivlər diqqətə çatdırılıb.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova təklif və tövsiyələrini diqqətə çatdırıb.

Sonda institutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti üzrə hesabatı qəbul edilib.

science.gov.az