Martın 31-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstiutunun kiçik akt zalında 31 Mart Soyqırım Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları erməni faşizminin qurbanlarının, I və II Qarabağ müharibəsində və ümumilikdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan bütün insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova 1918-ci ilin mart qırğınının Azərbaycan xalqının başına gələn ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. Bu dövrdə Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ bölgələrində, Zəngəzur və İrəvan quberniyalarında qanlı qətliamlar baş verib. Natiq bildirib edib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Belə dəhşətli hadisələrin təkrar olmaması üçün tarixin dərslərini unutmamalıyıq. Biz fəxr etməliyik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımız bütün şəhidlərimizin qisasını alıb. Azad edilmiş torpaqlarımızda indi böyük sürətlə quruculuq işləri gedir və inanırıq ki, bütün məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov və əslən Qərbi Azərbaycandan olan Nəsibə Abdullayeva çıxış ediblər.
Tədbirin sonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilib.