sa sa 724
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib   + Foto Apr 12, 2023 | 16:59 / Konfranslar, iclaslar

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik İnstitutun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İham Şahmuradovun AMEA-nın “İstinadda rekord” diplomu ilə təltif olunması haqqında məlumatı şura üzvlərinin diqqətinə çatdırıb. "Google Scholar Citations" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, H-indeksi 11 olan alimin elmi əsərlərinə ümumilikdə 1366 istinad olunub. Sonra institutda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfransa hazırlıq məsələləri müzakirə olunub. Akademik İradə Hüseynova Proteomiks beynəlxalq laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynurə Paşayevanın Koreya Respublikasının Pusan Milli Universitetinə, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Naimə Niyazovanın İtaliya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutuna, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, b.e.d., dos. Şahniyar Bayramovun COST proqramı çərçivəsində keçirilən illik konfransda iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə ezam edilmələri haqqında şura üzvlərinə məlumat verib. Daha sonra, İnstitutda təhsil alan doktorantların dissertasiya mövzusu ilə əlaqədar yerinə yetirdikləri elmi tədqiqat işləri haqqında hesabatları dinlənilib.