sa sa 486
MBBI-də Dissertasiya şurasının ilk iclası keçirilib + Foto May 12, 2023 | 10:05 / Konfranslar, iclaslar

10 may 2023-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaradılan ED 1.25 qeydiyyat nömrəli Dissertasiya şurasının ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Dissertasiya şurasının sədri akademik İradə Hüseynova bildirib ki, Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 07 aprel 2023-cü il tarixli 3-50/3-1-1-56/2023 nömrəli əmri ilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində 2406.02 - “Biokimya”, 2411.02 - “Bitki fiziologiyası”, 2415.01 - “Molekulyar biologiya” ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsi məqsədilə ED 1.25 qeydiyyat nömrəli Dissertasiya Şurası yaradılıb. Qeyd olunub ki, Dissertasiya şurasının tərkibi 13-ü institutda, digərləri isə müxtəlif elmi təşkilatlarda çalışan 18 nəfər nüfuzlu alimdən ibarətdir. Şuranın sədri akademik İradə Hüseynova, sədr müavini prof. Səftər Süleymanov, elmi katibi isə b.ü.f.d. Səmra Mirzəyevadır. Eyni zamanda Dissertasiya şurasının nəzdində yuxarıda qeyd olunan ixtisaslar üzrə Elmi seminar yaradılıb ki, onun tərkibinə hər ixtisas üzrə 6 nəfər olmaqla, ümumilikdə 18 nəfər mütəxəssis daxildir. İclasda çıxış edən dissertasiya şurasının üzvləri – AMEA-nın müxbir üzvü, prof. İbrahim Əzizov, b.e.d. Yaşar Feyziyev, b.ü.f.d., dos. Ulduzə Qurbanova, b.e.d., prof. Ziyəddin Məmmədov, f.-r.e.d., prof Rövşən Xəlilov, b.e.d., dos. Vilayət Abdıyev Dissertasiya Şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələrdə öz təkliflərini bildiriblər.