sa sa 1543
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto İyn 22, 2023 | 13:23 / Konfranslar, iclaslar

İyunun 21-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda doktorant və gənc tədqiqatçıların noyabr ayında Bakıda keçiriləcək 26-cı Respublika elmi konfransında iştirak məsələsi, Bioadaptasiya laboratoriyasının elmi işçisi Nərgiz Bayramovanın 21-24 iyun 2023-cü il tarixlərində “Müasir dövr gənci” mövzusunda Ümumrusiya Gənc alim və tələbə elmi cəmiyyətinin 11-ci Qurultayında iştirak etmək üçün Nijni Novqorod şəhərinə, Proteomiks beynəlxalq laboratoriyasının müdiri İsmayıl Zülfüqarovun, Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Mehriban Şabanovanın və Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi Nahidə Əliyevanın 03-09 iyul 2023-cü il tarixlərində Bahçeşehir Universitetində keçiriləcək “Davamlı inkişaf – 2023 üçün fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 11-ci Beynəlxalq Konfransda iştirak etmək üçün İstanbul şəhərinə ezam edilmələri haqqında məsələlərə baxılıb. Bakı Dövlət Universitetinin Genetika kafedrasının əməkdaşları b.e.d., prof. Məcnun Babayev, b.e.d., prof. Kamilə Əliyeva, b.e.n., dos. Nəzakət Hüseynovanın həmmüəllifliyi ilə Molekulyar genetika (rus dilində) fənni üzrə hazırlanmış dərs vəsaitinə rəy verilməsi məqsədilə işçi qrupu yaradılıb. Daha sonra institutda təcrübə keçən Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun Fitovirusologiya laboratoriyasının müdiri Tohir Sunnatoviç Xusanovun məruzəsi dinlənilib.