sa sa 4609
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər + Foto İyl 11, 2023 | 16:00 / Ezamiyyətlər

MBBİ-nin Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d., İsmayıl Zülfüqarov, Hüceyrənin Membran Sistemləri laboratoriyasının elmi işçisi, b.ü.f.d., Nahidə Əliyeva və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Mehriban Şabanova 03-09 iyul 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində ezamiyyətdə olublar. Ezamiyyənin məqsədi Bahçeşehir Universitetində Robert Blankenşip (ABŞ), Gyözö Garab (Macarıstan), Michael Graetzel (İsveçrə), Norman Huner (Kanada) və Gunnar Oquistin (İsveç) şərəfinə keçirilən “Dayanaqlı İnkişaf üçün Fotosintez və Hidrogen Enerjisi Tədqiqatları – 2023” mövzusunda 11-ci Beynəlxalq Konfransda iştirak etmək olub. Konfrans fotosintez və hidrogen enerjisi araşdırmalarının müasir və aktual problemlərinə həsr olunub. İsmayıl Zülfüqarov “Bitkilərdə tilakoid zülallarının fosforlaşması və xlorofil flüoressensiyasının enerjidən asılı sönməsi arasında qarşılıqlı əlaqə” məqaləsinin həmmüəllifləri olan b.ü.f.d. Aynurə Paşayeva, Dr. Guangxi Wu, Dr. Prof. Choon-Hwan Lee və akademik Irada Hüseynovanı sifahi çıxış ilə təmsil edib. Alim çıxışının əvvəlində MBBİ-nin yaranma tarixi, mərhum akademik Cəlal Əliyevin fotosintez sahəsindəki tədqiqatları və uğurları barəsində məlumat verərək konfrans iştirakçılarına akademik İradə xanım Hüseynovanın təbriklərini çatdırıb. Ismayil Zülfüqarovun çıxışı maraqla qarşılanıb və müzakirələrə səbəb olub. MBBİ-nin elmi işçisi, b.ü.f.d., Nahidə Əliyeva və kiçik elmi işçi Mehriban Şabanova poster təqdimatı ilə çıxış ediblər. Poster təqdimatları zamanı bu istiqamətdə işləyən alimlərlə maraqlı müzakirələr aparılıb. Konfransda bir çox görkəmli alimlərin çıxışları dinlənilib. Sonda təşkilat komitəsi tərəfindən, “Davamlı İnkişaf üçün Fotosintez və Hidrogen Enerjisi Tədqiqatları” 12-ci Beynəlxalq Konfransının yenə də Türkiyə Cümhuriyyətində keçirilməsi qərara alınıb.