AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində AMEA şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib.
Tədbir zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə parkda əkilmiş nadir ağaclar, ərazidə görülmüş yaşıllaşdırma və abadlıq işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Nadir ağaclar parkının salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq və onun adı ilə bağlı olan yaşıllaşdırma ənənəsini inkişaf etdirməkdən ibarətdir.
Qeyd olunub ki, 2023-cü ilin aprel ayında keçirilən ağacəkmə aksiyası zamanı parka Azərbaycan florasının nadir və nəsli kəsilməkdə olan və “Qırmızı kitab”a düşmüş Gözəl ağcaqayın, Hirkan ağcaqayını, Adəm ağacı, dəmirağac, Qafqaz xurması, Lənkəran akasiyası, Naxçıvan florasına aid olan nalbənd, daş palıd, eləcə də vələsyarpaq azat, Şərq çinarı, qovaq kimi 100-ə yaxın ağac və kol bitkisi əkilib.
Həmçinin vurğulanıb ki, ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. Eyni zamanda, ərazidə suvarma sistemi qurulub və bitkilərin zərərvericilərdən qorunması üçün tədbirlər görülür.
Akademik İsa Həbibbəyli Akademiya şəhərciyinin rəhbərliyinə Nadir ağaclar parkının nadir və dekorativ ağac və kol bitkiləri ilə daha da zənginləşdirilməsinə dair tapşırıq və tövsiyələrini verib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova da iştirak edib.