sa sa 1341
MBBİ-də “İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib + Foto Sen 11, 2023 | 15:36 / Mühüm hadisələr

06-08 Sentyabr, 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib. Təcrübə-təlim kursu Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı tərəfindən təşkil edilmişdir. Təlim kursunda Bakı Dövlət Universitetinin və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak ediblər. Tələbələrə “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” və “Populyasiya və genom tədqiqatları: özəllikləri, üstünlükləri, problemləri” mövzusunda iki mühazirə oxunub. Mühazirələri institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev söyləyib. Həmin laboratoriyanın kiçik elmi işçisi Lalə Axundova DNT-nin qatılığının spektrofotometrik təyini, PZR-in aparılmasına hazırlıq, PZR-in həyata keçirilməsi, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübi kursu aparıb. Təcrübə-təlim kursunun sonunda tələbələr AR Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi”nin Biologiya şöbəsinin Molekulyar genetik laboratoriyasında şəxsiyyətin identifikasiyası və mübahisəli atalığın/analığın təyini üzrə təcrübədə iştirak ediblər. Təcrübə kursunun gedişində tələbələr RealTime PCR, adi PCR, kapillyar elektroforez aparatlarında iş və alınan nəticələrin analizini həyata keçirən proqramlar ilə də tanış olublar.