sa sa 5159
Populyasiya Genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi səfərdə olub + Foto Sen 28, 2023 | 14:54 / Ezamiyyətlər

18.09.2023-21.09.2023 tarixlərində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya Genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev Almaniyanın Leypsiq şəhərində yerləşən  Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi səfərdə olub. Səfərin təşəbbüskarı institutun baş direktoru akademik İradə M. Hüseynova olmuşdur. Səfər zamanı N.Mustafayev 2022-ci ildə qədim DNT sahəsində apardığı tədqiqatlar, həmçinin nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə “Fiziologiya və Tibb” sahəsində” Nobel mükafatçısı Paabo Svante ilə görüşmüşdür. Görüş zamanı tanınmış alimə Azərbaycanı təmsil edən suvenir hədiyyələrlə bərabər akademik İ.Hüseynovanın Paabo Svanteyə ünvanladığı məktub da təqdim olunub. Məktubda hər iki institut arasında rəsmi elmi əməkdaşlıq məsələsinə toxunulmaqla yanaşı, görkəmli alimin uyğun bir vaxtda respublikamıza dəvət olunması da bildirilib. Qeyd edək ki, məhz P.Svantenin razılığı əsasında adı çəkilən laboratoriyanın əməkdaşı Zərintac Rüstəmova Maks Plank institutunda qədim DNT-nin alınması və analizi üzrə təcrübə kursunu davam etdirir. İnstitutlar arasında əməkdaşlıq məsələləri qrup rəhbəri Dr. Harald Ringbauerlə də müzakirə edilmişdir. 20 sentyabr 2023-cü il tarixdə N.Mustafayev bir qrup tədqiqatçı qarşısında təqdimatla çıxış etmişdir. Təqdimatda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranma tarixi və institutda aparılan tədqiqatlar barədə qısa məlumat verilmişdir. Bundan başqa Azərbaycanın qədim insan məskənlərindən biri olması vurğulanmaqla Azərbaycan, onun ərazisindəki müxtəlif tip (Azıx, Qobustan, Gəmiqaya, Şuşa, Tağlar və s. kimi mağaralar, I və II Küllütəpə, Yoncalı, Qalatəpə, Leylatəpə, Nərgiztəpə, Menteştəpə və s. kimi düzənliklərdə və təpəliklərdə yerləşən insan yaşayış yerləri) qədim insan yaşayış məskənləri, onlardan əldə edilən və hazırkı əməkdaşlıq layihəsi çərçivəsində tədqiq olunacaq antropoloji nümunələr haqqında məlumatlar verilmişdir. Görüş gələcəkdə Azərbaycanda molekulyar antropologiya və genom tarixi tədqiqi sahələrinin yaradılaraq inkişaf etdirilməsi sahəsində atılan ilkin addımdır.