sa sa 5133
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib + Foto Okt 05, 2023 | 12:03 / Tədbirlər

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda – “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə institutun əməkdaşları dünyaşöhrətli alim, görkəmli ictimai-siyasi xadim, əməkdar elm xadimi, akademik Cəlal Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, müəllimlərinin əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoyublar. Akademik İradə Hüseynova qeyd edib ki, MBBİ-nin hazırkı uğurları məhz institutun yaradıcısı olan akademik Cəlal Əliyev kimi ciddi və tələbkar müəllimin əvəzsiz xidmətlərinin nəticəsidir. Cəlal Əliyev məktəbinin tələbələri yeni alim nəsli yetişdirməklə bu çətin və şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar. Akademik Cəlal Əliyev məktəbinin davamçılarının hal-hazırda həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa və başqa ölkələrin nüfuzlu universitetlərində uğurla öz elmi fəaliyyətlərini davam etdirirlər. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova, Mahirə Məmmədova, Səadət Xudaverdiyeva, Nərgiz Sultanova və Ülkər İbrahimova çıxış edərək müəllimin cəmiyyətdə oynadığı aparıcı roldan bəhs ediblər.  Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Çıxış edənlər öz ürək sözlərini söylədilər və müəllimləri təbrik etdilər. Tədbir çay süfrəsi ilə davam edib.

Bayramınız mübarək, əziz müəllimlər!