sa sa 4474
MBBİ-də “8 noyabr-Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib + Foto Noy 04, 2023 | 14:59 / Tədbirlər

Noyabrın 4-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr-Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova bütün kollektivi Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Akademik İradə Hüseynova qeyd edib ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib. Şanlı ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət, 8 noyabrda mədəniyyət beşiyimiz Şuşa şəhərini işğaldan azad etdi. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın Azərbaycana qaytarıldı. Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş "Zəfər Paradı" təntənə ilə keçdi və təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlənildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.  Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olmağa məcbur oldular. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. İndi tam əminliklə demək olar ki, bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün artıq Azərbaycanın suverenliyi tam bərpa olunub və buna görə biz bütün şəhidlərimizə və qazilərimizə borcluyuq. Akademik İradə Hüseynova qeyd edib ki, bizim kollektivdə də ailə üzvlərinin arasında Vətən müharibəsində şəhid və qazi olanlar var. Bu günlər ərzində biz hər iki Qarabağ müharibəsinin şəhidlərini, qazilərini və onların doğmalarını unutmadıq və heç zaman unutmarıq!

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, qazi Ceyhun Abdullayev, müharibə iştirakçısı qazi Əvəzxan Əzizov, şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, qazi Arif Cəbrayılovun anası, b.ü.f.d. Mayaxanım Xanışova, yaxın qohumu aprel döyüşlərində  qəhrəmancasına həlak olan Turanə İsgəndərova, qardaşı müharibədə qəhrəmancasına döyüşən və Birinci Qarabağ müharibəsində yaxın qohumu şəhid olan Aygün Sadiqova, Birinci Qarabağ müharibəsinin iştirakçıları b.ü.f.d. Nurməmməd Mustafayev, Mikayıl Paşayev, Şahvələd Məmmədovhəmin müharibədə yaxınları şəhid olan İnstitutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov və Fəzail Məmmədov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının tarixində şanlı səhifə olan Zəfər günü münasibətilə təbrik ediblər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Daha sonra tədbirdə “8 Noyabr-Zəfər günü”nə həsr olunmuş video-çarx nümayiş olunub və toplantı qeyri-rəsmi hissə ilə davam edib.