sa sa 2039
Lənkəran Regional Elmi Mərkəzinin yeni direktoru kollektivə təqdim edilib + Foto Noy 19, 2023 | 14:59 / Mühüm hadisələr

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) yeni direktoru Mehman Əliyev kollektivə təqdim edilib.

Zoom proqramı üzərindən onlayn formatda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq LREM-in keçmiş direktoru professor Fərman Quliyevin vəfatı ilə əlaqədar kollektivə bir daha başsağlığı verib, onun bu vəzifədə uzun illər səmərəli elmi və ictimai fəaliyyətindən danışıb və əminliyini bildirib ki, Fərman Quliyevin xatirəsi heç zaman unudulmayacaq, LREM-də bu günə kimi onun özü tərəfindən və rəhbərliyi ilə aparılmış tədqiqat işləri davam etdiriləcəkdir. Bununla yanaşı, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının səmərəli icrası, humanitar və ictimai elmlər sahəsində cənub regionu üzrə fəaliyyətlərin daha da gücləndirilməsi gündəlikdə duran əsas vəzifələrdəndir. Akademik İradə Hüseynova elmi müəssisələrdə illik hesabat dövrünün başlanmasına və bu dövrdə mərkəzin rəhbərliyinin möhkəmləndirilməsinin vacib olduğuna da diqqət çəkib.

Sonra natiq LREM-in yeni direktoru, bu günə kimi Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi işləmiş, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevi kollektivə təqdim edib, onun elmi və pedaqoji fəaliyyəti haqqında məlumat verib. Akademik İradə Hüseynova bildirib ki, Mehman müəllim regionu yaxşı tanıyır, uzun illər təhsil sahəsində çalışıb, elmi katib kimi fəaliyyəti dövründə LREM-in problemləri və inkişafı məsələləri ilə yaxından məşğul olub. İnanırıq ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ona göstərilən etimadı layiqincə doğrultmaq üçün çox çalışacaqdır. Natiq Mehman Əliyevi LREM-in diroktoru təyin edilməsi ilə bağlı təbrik edib, ona və rəhbərlik edəcəyi kollektivə böyük uğurlar arzulayıb. LREM-in yeni direktoru öz çıxışında göstərilən etimada görə təşəkkürlərini bildirib, Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətinin yüksək səviyyədə davam və inkişaf etdirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəyinə söz verib.

science.gov.az