Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının nəzdində “Qida mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alan tələbələr AR ETM Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. İnstitutun rəhbərliyi tərəfindən tələbələrə konkret praktik vərdişlərin aşılanması məqsədilə laboratoriya məşğələlərinin keçirilməsi üçün şərait yaradılmışdır. Tələbələri müşaiyət edən müəllimlər, Mühəndislik və tətbiqi elmlər kafedrasının əməkdaşları b.ü.f.d., dosent Nazilə Axundova və t.e.ü.f.d., dosent Natəvan Qədimova gənclərin bir mütəxəssis kimi formalaşmasında təhsil və təcrübənin əlaqələndirilməsinin zəruriliyindən bəhs ediblər. UNEC-in tələbələri MBBİ-nin Bioadaptasiya, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Populyasiya genomiksi, Bitki biotexnologiyası, Hüceyrənin membran sistemləri və Fotobioenergetika laboratoriyaları ilə tanış olublar. Biologia elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova, Səmra Mirzəyeva, Nərgiz Sultanova, Nərgiz Bayramova, Mahirə Məmmədova, Nahidə Əliyeva, Ulduzə Qurbanova və Lalə Axundova UNEC-in tələbələrinə müasir avadanlıqlar, tədqiqat metodları və laboratoriyalarda aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat veriblər.