sa sa 2429
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür Dek 29, 2023 | 12:00 / Mühüm hadisələr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik simvoludur. Artıq dörd ildir ki, biz bu günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılayırıq. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümüdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır”.  Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!