sa sa 2369
Azərbaycan elminə ağır itki üz verib Yan 10, 2024 | 12:37 / Mühüm hadisələr

Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratotiryasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov ömrünün 65-ci ilində haqq dünyasına qovuşub.

İsmayıl Zülfüqarov 16 yanvar 1959-cu il tarixində İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub. O, 1965-1975-ci illərdə Talıstan kənd orta məktəbində, 1976-1981-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna göndərilib, burada böyük laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə Tbilisi Dövlət Universitetinin ixtisaslaşdırılmış şurasında Biofizika ixtisası üzrə “Piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının spektral xarakteristikası və oriyentasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İsmayıl Zülfüqarov bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə aparıcı mütəxəssis kimi tanınıb. Ali bitkilərdə xlorofil flüoresensiyasının qeyri-fotokimyəvi sönməsinin mexanizminin aydınlaşdırılması, fotosintetik aparatın ekstremal faktorlara qarşı adaptasiyasının molekulyar əsaslarının öyrənilməsi istiqamətində elmi tədqiqatlar aparıb. 2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Busan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib, Eyni zamanda Rusiya Federasiyasının Yakutsk vilayətində yerləşən Şimal-Şərq Federal Universitetində mühazirələr oxuyub. İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.

Alim bir neçə beynəlxalq jurnalın redaktorlar şurasının üzvü idi. İ.Zülfüqarov dəfələrlə yerli və xaricdə keçirilmiş elmi konqres, qurultay, konfrans və simposiumlarda elmi məruzələrlə çıxış edib. O, dəfələrlə Avropa Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tədbirlərində Azərbaycanı uğurla təmsil edib.

İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr  dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.

Tanınmış bioloq-alim İsmayıl Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!