sa sa 2656
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib + Foto Yan 19, 2024 | 15:01 / Tədbirlər

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar. Daha sonra institutda anım tədbiri keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov 20 Yanvar hadisəsinin xalqımızın suverenlik, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsini nümayiş etdirən şərəfli bir tarix olduğunu qeyd edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib. Yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin bütün bunlar nəinki Azərbaycan xalqını qorxutmadı, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Fövqəladə vəziyyət rejiminə baxmayaraq yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Səftər Süleymanov, institutun elmi işçisi Aygün Sadiqova və digərləri şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağını qeyd ediblər. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.