sa sa 2158
Akademik Cəlal Əliyevin xatirəsi anılıb + Foto Fev 01, 2024 | 14:29 / Tədbirlər

Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından səkkiz il ötür. AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, AR ETN Botanika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, AMEA Biologiya və TibbElmləri Bölməsinin əməkdaşları da böyük alimin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Sonra AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda alimin xatirəsinə həsr olunan tədbir keçirilib. Alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova bildirib ki, akademik Cəlal Əliyevin bütün həyatı biologiya və aqrar elmlərin inkişafına, elmi həqiqətin dərk olunmasına həsr olunub. Onun elmi fəaliyyətinin əsas istiqamətini kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin öyrənilməsi təşkil edib. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə tətbiq olunması nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlıq, keyfiyyət, biotik və abiotik stres amillərinə davamlılıq əlamətləri ilə seçilən buğda sortları yaradılmışdır. Bu sortlar təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə də geniş sahədə əkilərək ərzaq təhlükəsizliyinə töhfələr vermişdir.

Alim keçən əsrin 70-80-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoymaqla böyük elmi məktəb formalaşdırıb. Biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyətləri sayəsində inkişaf etdirilib, onun rəhbərliyi ilə bu elmlərin güclü kadr bazası formalaşdırılıb. Akademik Cəlal Əliyevin o dövrdə yaratdığı kiçik qrup Botanika İnstitutunun nəzdində şöbə kimi fəaliyyətini davam etdirib və daha sonra həmin şöbənin əsasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılıb. Böyük alimin yaratdığı ənənəyə uyğun olaraq, institutda gənclərin elmi inkişafı və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Natiq qeyd edib ki, elmə böyük töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi heç zaman unudulmayacaqdır.

Tədbirin sonunda akademik Cəlal Əliyevə həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.