Fevralın 2-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib. İnstitutun baş direktoru, akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə gəncləri təbrik edib. Akademik qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclərin malik olduğu potensial kifayət qədər ciddi əsaslar verir ki, onlar Azərbaycanın gələcək parlaq inkişafının təmin edilməsində həlledici rol oynasınlar. Bizim gənclərimizin vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində Azərbaycanın inkişafının daha yüksək mərhələsi təmin olunacaq.
Akademik İradə Hüseynova ölkədə gənclərin elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, gənclərin xarici ölkələrdə təhsil alması üçün qəbul edilən dövlət proqramlarından bəhs edib. O, qeyd edib ki, bugünkü gənclər daha yaxşı təhsil almaq imkanına malikdirlər və hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun gənc mütəxəssisləri Böyük Britaniyada, Fransada, Belçikada və Türkiyədə doktorantura təhsilini davam etdirirlər. Birləşmiş Krallığın Oksford Universitetinin doktorantı olan MBBİ-nin əməkdaşı Gülnar Abdullayeva elm sahəsi üzrə 2024‑cü il “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. Bu münasibətlə bütün institutun kollektivini təbrik edən akademik İradə Hüseynova MBBİ-nin artıq 3-cü əməkdaşının bu böyük mükafata layiq görüldüyünü vurğulayıb. Akademik belə gənclərin yüksək ixtisaslı mütəxəssislər kimi Azərbaycan elminin gələcək inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, MBBİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadiqova, Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Rüstəmova, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Könül Cümşüdova, Hesablama struktur biologiyası laboratoriyasının kiçik elmi işçisi Lalə İbadullayeva və magistrant Bahar Səmədova çıxış edərək Gənclər günü münasibətilə institutun əməkdaşlarını təbrik edib və onlar üçün institutda yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.
Akademik İradə Hüseynova MBBİ-nin elmi və ictimai həyatında fəal iştirak edən gənclərə sertifikat və mükafatlar təqdim edib. Elmdə ilin fəal gənci nominasiyası üzrə mükafat və fəxri fərman Bioadaptasiya laboratoriyasının elmi işçisi Naimə Nİyazovaya verilib. Bioadaptasiya laboratoriyasının əvəzçiliklə 0,5 ştat elmi işçisi Əsmər Hüseynova elm və təhsil sahəsindəki uğurlarına görə institutun fəxri fərmanı ilə təltif olunub.
Daha sonra Gənclər gününə həsr olunmuş film nümayiş etdirilib.