sa sa 5836
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib + Foto Mart 07, 2024 | 10:01 / Tədbirlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 8 mart – Beynəlxalq Qadınlar Günü ilə ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova Azərbaycan qadınlarının ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib və qeyd edib ki, qadınların elmin inkişafında da müstəsna rolu vardır. Azərbaycanda elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. MBBİ əməkdaşlarının, gənc alim və mütəxəssislərin də əksəriyyəti qadınlardır. Onlar həm ölkə daxilində, həm də xaricdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edir, xarici ölkələrdə magistratura və doktoranturada təhsili alırlar. Akademik İradə Hüseynova institut əməkdaşları arasında şəhid və qazi ailələrinin olduğunu və qazanılan qələbə üçün onlara borclu olduğumuzu vurğulayıb. Natiq qadınlarıa şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, bayram münasibətilə onları səmimi qəlbdən təbrik edib.

AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, institutun icraçı direktoru b.ü.f.d., dosent Ələmdar Məmmədov, biologiya elmləri doktorları, professor Səftər Süleymanov, dosent Şahniyar Bayramov, b.ü.f.d., dos. Nurməmməd Mustafayev və başqaları qadınları təbrik edərək onlara ən xoş arzularını bildiriblər.

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin işində fəal iştiraklarına görə biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Ulduza Qurbanova Bölmənin Fəxri fərmanları ilə, institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə biologiya üzrə fəlsəfə doktorları Zərifə Süleymanova və Fazilə Qasımova MBBİ-nin Fəxri fərmanları ilə, institutun ictimai həyatında layiqli işlərinə görə Təchizat və xidmət şöbəsinin əməkdaşları Fatma Abdullayeva və Ülviyyə Ağayeva Təşəkkürnamə ilə təltif olunublar.