sa sa 852
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto Mart 29, 2024 | 12:42 / Seminarlar

Martın 29-da MBBİ-də növbəti elmi seminar keçirilib. Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Kave Babai Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunda ezamiyyə müddətində apardığı tədqiqatlar haqqında məlumat verib. Qeyd edək ki, Kave Babai tədqiqatlarını MRC Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri Professor Qərib Mürşüdovun rəhbərliyi altında aparıb. Daha sonra Kave Babai “Kiçik molekullar bazasında metal koordinasiya klaslarının statisitk analizi və nəticələrin zülal quruluşlarına tətbiqi” mövzusunda çıxış edib. Məruzəçi zülal quruluşlarının və onların liqand ilə komplekslərinin quruluşlarının öyrənilməsi və yoxlanılması üçün bir sıra müasir statistikaya əsaslanan  üsullar və proqramlardan bəhs edib. O, zülallarda olan metalların ətraflarının dəqiq analiz üsullarının hələ də mövcud olmadığını vurğulayıb. Zülal verilənlər bankının analizi göstərir ki, belə zülalların və əsasən də metal ətraflarının dəqiqliyi kifayət qədər müxtəlifdir. Kave Babai öz çıxışında metallozülalların dəqiqliyini artırmaq və belə zülalların quruluşlarının öyrənilməsini daha obyektiv etmək üçün təkmilləşdirilən üsullardan bəhs edib. O qeyd edib ki, kiçik verilənlər bankında olan bütün metallar ətrafları ilə birlikdə analiz edilərək klaslara bölünüb və hər bir klas üçün statistikalar yığılıb. Alınan modellər hazırda zülalların quruluşlarının keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edilir. Kave Babainin çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzə ətrafında verilən suallar cavablandırılıb.