sa sa 659
“Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq iştirakla elmi seminar keçirilib + Foto Apr 08, 2024 | 09:00 / Seminarlar

AMEA Rəyasət Heyəti və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə institutun Kiçik akt zalında  “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq iştirakla elmi seminar keçirilib.

Cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu, yaşıl enerji və ətraf mühit problemləri, bərpa olunan enerji sahəsində texnoloji trendlər, bioyanacaq və hidrogen iqtisadiyyatı, bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri kimi mühüm məsələlərin müzakirəyə çıxarıldığı seminarı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin olkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkib. AMEA-nın prezidenti bildirib ki, artıq bu istiqamətdə bir sıra tədbirlərin, o cümlədən martın 1-də AMEA Rəyasət Heyəti və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq”, aprelin 4-də isə AMEA, AR ETN Fizika İnstitutu və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl artım və dayanıqlı inkişaf” mövzularında konfranslar keçirilib. Bugünkü seminar da bu istiqamətdə həyata keçirilən növbəti mühüm tədbirdir. Ətraf mühitin sağlamlaşdırılmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edən akademik İsa Həbibəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən danışıb. AMEA-nın prezidenti qeyd edib ki, tarixi hadisə olacaq COP29-un Bakıda keçirilmək qərarı Azərbaycanın və onun liderinin şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsidir.

Sonra açılış nitqləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşaviri Rasim Səttar-zadə çıxış edərək “yaşıl dünya”, iqlim dəyişiklikləri, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” məsələləri ilə bağlı dəyərli fikirlərini bildirib, seminarın işinə uğurlar arzulayıblar.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Yer kürəsinin yaşıl örtüyünün, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub saxlanılmasının müasir dövrün ən aktual qlobal problemlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bu problemin həllinə istiqamətlənmiş addımların atılması, bu əsasda atmosferə karbon emissiyasının azalmasına imkan verən “Yaşıl enerji”dən daha çox istifadəyə keçid bu gün Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu siyasətin əsasını Azərbaycana rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu dövrlərdə Ulu Öndər Heydər Əliyev qoyub, cənab Prezident İlham Əliyev onu davam və daha da inkişaf etdirib.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyinə diqqət çəkən natiq həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, ekoloji təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətlərində dövlət orqanları, Heydər Əliyev Fondu, İDEA təşkilatı tərəfindən geniş həcmdə işlərin aparıldığını qeyd edib. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycanda bərpa olunan enerji (elektrik) istehsalının payının 2030-cu ilə qədər 30%-ə çatdırılması hədəflənir. Azərbaycanda 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılması qarşıya məqsəd kimi qoyulmuşdur.

Akademik İradə Hüseynova qeyd edib ki, dünyada mineral yanacaq ehtiyatlarının azalması fonunda bəşəriyyətin ekoloji təmiz, dayanıqlı enerjiyə ehtiyacı artmaqdadır. Bu rolu bərpa olunan enerji – günəş, külək, axar su və dəniz dalğalarının enerjisi, geotermal enerji, bioenerji, hidrogen və s.-nin oynaması mümkündür ki, bu da enerji təhlükəsizliyini və deməli, “yaşıl iqtisadiyyat”a keçidi təmin edir.

Akademik İradə Hüseynova COP29-la yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün 6-cı  sessiyası kimi mötəbər tədbirlərin də 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcəyinə diqqət çəkib.

Natiq “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda bugünkü elmi seminarın məqsədinin müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirməklə, son illərdə ekoloji təmiz energetik texnologiyaların yaradılması və tətbiqi sahəsində əldə edilən elmi-metodiki və texniki uğurların, yeni yanaşmaların nümayişi, təcrübə mübadiləsi, problemin nəzəri-fundamental və elmi-praktiki aspektlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olduğunu bildirib.

Günəş enerjisindən ən optimal istifadənin dünyada canlı aləmin əsası olan mürəkkəb fotosintez prosesi ilə bağlı olduğunu qeyd edən akademik İradə Hüseynova fotosintezin və fototənəffüzün tədqiqi istiqamətində Azərbaycanda böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyev tərəfindən əldə edilmiş mühüm nailiyyətlərdən, yaratdığı və hazırda daim inkişaf edən elmi məktəbdən danışıb. Vitse-prezident akademik Cəlal Əliyevin fototənəffüz prosesi ilə bağlı irəli sürdüyü konsepsiyanın dünya elmi ictimaiyyəti tərəfindən qəbul edildiyini xüsusi qeyd edib.

Sonra seminarın proqramına uyğun olaraq, Türkiyənin 9 Eylül Universiteti Fənn Fakültəsi Kimya kafedrasının rəhbəri, Prof.Dr. Levent Çavaşın təqdimatında “Tullantı yosunlarından hidrogenin alınması üzrə tədqiqatlar və onların mühüm nəticələri”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyevin təqdimatında “Fotosintez və yaşıl enerji” mövzularında elmi məruzələr dinlənilib. Sonra məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Seminarda aparılan geniş müzakirələrdə AR ETN Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor Rövşən Xəlilov, universitetin Üzvi kimya kafedrasının professoru, kimya elmləri doktoru Afət Hüseynova, AR ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, həmin institutun laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru Oqtay Salamov, MBBİ-nin icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, institutun baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramov, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva və b. iştirak ediblər.

Seminarın işinə yekun vuran akademik İradə Hüseynova ölkədə “yaşıl dünya”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, fotosintez prosesi, iqlim dəyişiklikləri və s. ilə bağlı elmi tədqiqatların gücləndirilməsinin və bu istiqamətlərə elmi qurumlar tərəfindən diqqətin artırılmasının vacib olduğunu bildirib.

Elmi seminar öz işini uğurla başa vurub.

science.gov.az