Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Bioloqlar Günü flora və faunanı öyrənən hər kəsi botanikləri, zooloqları, fizioloqları, genetikləri, ekoloqları, təkamülçüləri, mikrobioloqları və bir çox başqa mütəxəssisləri birləşdirən bir bayramdır. Bütün elmlər kimi biologiyanın da bəşəriyyət üçün özünəməxsus faydası var. Biologiya sahəsində səhiyyə sektorundan ətraf mühit və kənd təsərrüfatı sektoruna qədər geniş bir sahədə nəzəri və tətbiqi tədqiqatlar aparılır. Müxtəlif xəstəliklərə qarşı hazırlanmış peyvəndlər hələ də insanların həyatını xilas etməkdə davam edir. Hal-hazırda getdikcə daha çox əhəmiyyət kəsb edən Biomühəndislik, Biotexnologiya, Nanobiotexnologiya, Genom layihələri, Ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, Bioinformatika kimi yeni sahələr daha çox biologiyaya əsaslanır. Bu tədqiqatlar cəmiyyətin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Biologiya sahəsində çalışan alimlərimizi və elmi fəaliyətə başlayan gənclərimizi təbrik edirik. Bayramınız mübarək!