sa sa 4181
9 May faşizm üzərində Qələbə Günüdür May 08, 2024 | 14:00 / Mühüm hadisələr

Hər il Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimiz, doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 130 nəfər həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. Müharibə illərində hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyib. Ulu öndər Heydər Əliyev 1941-1945-ci il müharibəsi veteranlarının xidmətlərini çox yüksək qiymətləndirir, onların hər cür qayğıya və hörmətə layiq olduqlarını vurğulayırdı.  Ümummilli liderin bu siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Ölkəmizdə müharibə veteranlarına yüksək diqqət və qayğı ilə yanaşılır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç zaman unudulmayacaq.

Qələbə bayramınız mübarək!