Bu gün AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 28 may – Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbiri açıq elan edən MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yradıldığını qeyd edib. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məhəmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Təəssüf ki, cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyətinin varlığına bolşevikləri işğalı son qoydu. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Heydər Əliyev deyirdi: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq”. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Azərbaycan xalqı artıq 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Üçrəngli bayrağımız doğma Qarabağda –Xankəndidə, Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda və Laçında qürurla dalğalanır. Bu gün biz qürurla deyə bilərik ki, Vətənimizin müstəqilliyini ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanda qeyd edirik. Akademik İradə Hüseynova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycanın daha böyük nailiyyətlər qazanacağına əmin olduğunu vurğulayıb.Tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Atabəy Cahangirov, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Bayramova, Nahidə Əliyeva, şəhid qardaşı Fəzail Məmmədov, institutun əməkdaşı Raisa İsmayılova və institutun gənclərin adından Afət Dadaşova çıxış edərək müstəqilliyimizin əbədi olması üçün ölkəmizin hər bir vətəndaşının səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməli olduğunu vurğulayıblar.